Hüseyn Haqverdi

Fərdi sərgi: 'Refraction' (Qırılma)

YAY Qalereyası Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Hüseyn Haqverdinin Qırılma adlı fərdi sərgisini təqdim edir.


Qırılma sərgisi – başqa bir palitra, başqa bir hekayə olsa da, əvvəlki kimi dialoq sistemidir, əvvəlki kimi fiziki gerçəklikdən kənara çıxan yaradıcılığın təzahürüdür. “Qırılma” layihəsini isə, bəlkə də, “rəngin təbiətini hədəfə alan tədqiqat” adlandırmaq olardı, ancaq Haqverdinin əsərlərinin xarakteri buna heç də tam əsas vermir. Sənətkar intuisiya ilə, kor-koranə hərəkət edir, materialın fakturası, görünüşü ilə dialoqa girir, cizgiləri və rəng laylarının uyuşmasını danışdırır, özünü rənglərin yeni “sədaları” dalğasına “kökləyir”.   

Sərgidə sənətkarın yaradıcı dəsti-xəttinə xas olan işlər – qarışıq texnikada hazırlanmış qrafika, rəngkarlıq, daşdan və ağacdan hazırlanmış heykəltəraşlıq əsərləri təqdim olunur.
Hüseyn Haqverdinin əsərləri zəncirvarı reaksiya kimi suallar doğurur. Həmin suallar alışdığımız “üslub” anlayışının tərk etdiyi bugünün postmodernist dövrünə həyəcan qatan düşüncələr oyadır. Rəssamın yaradıcılığına aid edildikdə isə, bunu dialoq sisteminin qurulması kimi müəyyən etmək olar. 

Bu modeli sənətkar ilk dəfə “Daş” adlı layihəsində təklif etmişdi (2014-cü il). Layihənin məğzini Abşeron daşından hazırlanmış heykəllər deyil, dialoq prinsipinin özü təşkil edirdi. Dialoq əsnasında burada bir-birini hissiyyat baxımından tamamlayan, bir-biri ilə söhbətləşən, qarşılıqlı cazibə qüvvəsinə malik olan daşlardan ibarət balaca qalaktika ab-havası yaradılmışdı.

Hüseyn Haqverdinin “Hüdudları aşaraq” adlı layihəsi Venesiya Biennalesində (2015-ci il) təqdim olunaraq, dialoq sistemini inkişaf etdirib yeni bir müstəviyə çıxarmışdı. Dialoq burada zaman körpüsü konseptini təşkil edərək, bizim dövrü 1960-cı illərin Azərbaycan rəssamlarının andeqraund cərəyanı ilə birləşdirdi. Rəssam qaraya boyadığı ağac instalyasiyalarından ibarət labirint ekspozisiyası yaratmışdı; qara xaos – atasının da məxsus olduğu bir nəslin keçdiyi yolu, yaşadığı həyatı ifadə edən metaforadır. 


Hüseyn Haqverdi 2003-cü ildən etibarən Azərbaycan əməkdar rəssamı fəxri adını daşıyır, Əzim Əzimzadə adına Bakı Dövlət Peşə Məktəbinin  (1975) və Muxina adına Sankt-Peterburq Akademiyasının (1980) məzunudur. Rəssam müxtəlif vəsaitlərlə və müxtəlif janrlarda, o cümlədən heykəltəraşlıq, rəngkarlıq, şəkil, monumental incəsənət sahələrində işləyir; yaratdığı işlərdə əsasən irihəcmli formalara üstünlük verir. O, Bakı Kafedral Kilsəsində yerləşdirilən Müqəddəs Məryəm heykəlinin, habelə Sənqəçal Terminalında epik məzmunlu mozaik pannonun, Bakıda rəssamı Javad Mirjavadovun və  Moskvada bəstəkarı Qara Qarayevin xatirə lövhələrinin  müəllifidir.  


Təqdimat günü: 8 oktyabr, 2015 saat 20:00.

Giriş sərbəstdir.

Sərgi 10 noyabr 2015-ci il tarixinədək davam edəcək.

İşləmə vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)