Reza Hazare

Fərdi sərgi: Anesteziya

ANESTEZİA
Reza Hazarenin fərdi sərgisi

10 sentyabr > 26 oktyabr 2014


Bu ilin sentyabr ayında YAY Qalereyası tamaşaçılara Azərbaycanda yaşayıb fəaliyyət göstərən Əfqan rəssamı Reza Hazarenin fərdi sərgsini təqdim edəcək. “Anesteziya” adlı sərgidə nümayiş olunan yeni rəsmlər müəllifin qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirir.  Əfqan qaçqını olan Reza Hazare 1987-ci ildə İranın Zahedan şəhərində dünyaya göz açıb. 2005-ci ildə Reza Tehran Ali Təsviri İncəsənət Məktəbini bitirib, sonra isə, təhsilini davam etdirmək məqsədilə Azərbaycana təşrif buyurub. 2012-ci ildə o, Azərbaycan Dövlət İncəsənət Akademiyasını bitirib. 

Rezanın ərsəyə gətirdiyi əsərlərdə keçmişlə indiki zaman arasında mövcud olan gərginlik hisslərinə - dini və dünyəvi həyat tərzi arasında çarpışmaya və onun təməlini təşkil edən ənənəçilik və müasirlik arasında olan münaqişəyə istinad olunur. Ənənəvi müsəlman ölkəsi olan İrandan Azərbaycana köç edən rəssam dünyəvi həyat tərzinə alışmaq üçün səy göstərirdi, eyni zamanda, ölkəsində tüğyan edən böhranı izləyirdi.  

Uzun illərdir ki, ölkədə baş verən vətəndaş müharibəsi və ixtilaf Əfqanıstan cəmiyyətini dini ənənəçilik və tayfa təfəkkürü fonunda kəskinləşən böhrana qərq etdi. Bir zaman çiçəklənən ölkə sayılan bu məmləkət, hazırda zülmət və hərc-mərcliyin qurbanı oldu. Belə bir vəziyyət Əfqanıstan cəmiyyətinin üç nəslinə mənfi təsir göstərməkdədir. Rezanın mənsub olduğu nəsil qürbətdə doğulub boya-başa çatdı və yaşadığı ölkələrlə heç bir rabitəyə malik deyil. Misal üçün, İranda dünyaya göz açan əfqanlar bu ölkədə heç bir vətəndaş haqlara sahib deyil. Həmçinin, bu insanlar öz Vətənində - Əfqanıstanda da qəbul olunmur, çünki onlar fərqli bir cəmiyyətdə böyüyüb fərqli mədəni dəyərlərə malik olan insanlar sayılır. Bunun nəticəsində onlar heç bir ölkədə kök sala bilmir və daimi mühacirət ağrısı ilə yaşayır. 

Müharibədən sonrakı dövrdə yaşayan insanlar illərdir ki, qaçqın status ilə həyat sürürlər, çox zaman həyatlarını yenidən sıfırdan başlamağa məcburdur, yeni ixtisaslara yiyələnməlidir və kənar təzyiqlərə tab gətirməlidir. Yaşadıqları ölkələrdə təməl vətəndaş haqlara malik olmamaları və ailələrdən ayrılmaq məcburiyyəti həmin insanları qatma-qarışıqlıq vəziyyətinə sürükləyir. Siyasi və sosial çətinliklərlə rastlaşdığı zaman, bu insanlar özlərini yalnız və təcrid olunmuş hiss edir və ətraflarında cərəyan edən hadisələrə biganə yanaşır. 

Zaman keçdikcə, Əfqan qaçqınları da özlərini ətraf mühitə qarşı laqeyd aparır, eyni zamanda doğma ölkələri viran olduğundan və oraya qayıtmaq imkanları olmadığından mənlik hisslərini tədricən itirir. Əfsuslar olsun ki, belə bir biganəlik hətta həyatlarında ağır vəziyyətlərin öhdəsindən keçən insanlarda da müşahidə olunmaqdadır. Zülmət qaranlıqdan qaçış son nəticədə onları yenidən zülmətə düçar edir. Reza Hazarenin “Anesteziya” adlı fərdi sərgisi kəsilən ağrının sakit əks-səda verdiyi və başlanğıc nöqtəsində bitən səyahətə istinad edir. 


Açılış günü: 10 sentyabr, 2014 saat 19:00-da.

Giriş sərbəstdir.

Sərgi 26 oktyabr 2014 tarixinədək davam edəcəkdir.

Qalereyanın iş saatları: 12:00 > 20:00 (Qeyri iş günü Bazar Ertəsi)


Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5 (Əliağa Vahid heykəlinə yaxın) 

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)