Launch Event

Related Artists

`Mövcudluğun dözülməz yüngüllüyü` adlı qrup sərgisi

 YAY Qalereyası 2015-ci il 11 iyun tarixindən 31 avqust tarixinədək Dubayda yerləşən Cuadro Qalereyasının tərəfdaşlığı ilə `Mövcudluğun dözülməz yüngüllüyü` adlı Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın qrup sərgisini təqdim edir.   


Sərgidə Yaxın Şərq və Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri birlikdə nümayiş etdiriləcək. Dubayda yerləşən Cuadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo və Manal Əl-Doveyn özlərinin foto, çap və heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri sənət əsərlərini təqdim edəcəklər. Əsərlərin başlıca mövzusu – şəxsiyyət, ev və yaddaş arasındakı qarşılıqlı əlaqədir. Roberto Lopardo isə “Bakının xəritəsi” (Mapping Baku) adlı əsərini məxsusi olaraq bu sərgi üçün hazırlamışdı.

Roberto Lopardo “Bakının xəritəsi” (Mapping Baku) adlı əsərini məxsusi olaraq YAY Qalereyasında keçiriləcək sərgi üçün sifarişimizlə ərsəyə gətirmişdi. Bu əsər rəssamın Mappings (“Xəritələr”) silsiləsində on üçüncü instalyasiyadır. Mappings silsiləsi elə bir foto performansıdır ki, onu yaradarkən rəssam 24 saat ərzində hər dəqiqəyə bir kadr çəkir. Həmin çəkilişin nəticəsi olan fotolar bir içəridən işıqlandırılan laytboks (işıq) qutusunun üzərinə çəkiliş ardıcıllığı ilə düzülürlər. Beləcə, 24 sıra fotoşəkil alınır (hər biri çəkilişin bir saatını əks etdirir), hər sırada isə 60 şəkil olur (hər biri çəkilişin bir dəqiqəsini əks etdirir). Çəkiliş zamanı rəssam əvvəlcədən müəyyən olunmuş istiqamətlə yox, tam əksinə, kortəbii hərəkət edərək kamerası ilə şəhərin mənzərəsini və müxtəlif obyektlərini təbii surətdə qarşısına çıxdıqca çəkir. Bu fotolar yan-yana düzülərək şəhərin vizual sehrini nümayiş etdirirlər – şəhərin rənglərini, naxışlarını, adətlərini, daxili əlaqələrini, enerjisini və s. Bakıdan öncə bu layihə İstanbul, Ciddə, Bəhreyn, Doha, Qüds və b. şəhərlərdə həyata keçirilmişdi.    

Manal Əl-Doveyn ağ-qara fotoşəkillərdən ibarət silsilələr yaradaraq, özündən öncəki nəsillərin yaddaşını canlandırmağa çalışır. O, neft sənayesində çalışan ailədə boya-başa çatıb, şəxsən özü də əvvəlcə neft sahəsində işləyib, sonradan rəssam olmuşdu. Odur ki, “Səni unutsam da, unutma məni” foto silsiləsində Əl-Doveyn öz atasının nəslinə məxsus xatirələri sənədləşdirmişdi. Bu fotolar vasitəsilə o, Səudiyyə Ərəbistanın neftçilərində – həm kişi, həm də qadınlarında müşahidə etdiyi xatirələri, hərəkətləri, səciyyəvi əşyaları, onların söhbətlərini göstərərək, bir müəllif kimi öz dilindən söhbət də açıb tamaşaçıya hekayətlər söyləyir. Kamil Zəkəriyyə isə 1985-ci ildə Livanda tüğyan edən vətəndaş müharibəsi xaosundan necə baş götürüb getməsini özünün “Elə isə – rədd ol!” silsiləsində sənədləşdirmişdi. Əl-Doveynin əsərlərində olduğu kimi, Zəkəriyyə də öz işlərində insanlarla, şəhərlərlə, ən müxtəlif eksteryer və interyerlərlə rastlaşdığını canlandırır. Məhəmməd Əhməd İbrahim isə heykəllər, bir də Turãb seriyasından kollajları sərgiləyəcək. İbrahimin yaratdığı abstrakt görüntülər və formalar onun təbiətlə münasibətini əks etdirərək, sanki, tamaşaçıya üz tutub, deyirlər: “İnsan təbiətin bir hissəsidir və bunu duyduğu zaman o, üstündəki qat bağlamış çöküntüləri lay-lay, parça-parça qoparıb tullamağa və sənət əsərləri yaratmağa başlayır.”


Rəssamlar haqqında:

Roberto Lopardo, 1976-cı il təvəllüdlü, Bruklin, Nyu-York. Lopardo Rod-Aylend Dizayn Məktəbini bitirib təsviri sənət üzrə magistr dərəcəsini almışdır. Braun Universiteti ona müəllimlik sertifikatı vermişdi, Uitmen Kollecindən isə ona “Siyasət” ixtisası üzrə incəsənət bakalavrı diplomu təqdim edilmişdi. Əvvəllər Lopardo müəllimlik edərdi – o, kar və korlar üçün Arizona məktəbində, Navaxo rezervasiyası ərazisindəki Dayn kollecində, Rod-Aylend Dizayn Məktəbində, eləcə də Arizona Universitetində dərs deyib. Dubayda yerləşən Amerika Universitetinin sabiq rəhbəri və fotoqrafiya üzrə professorudur. Lopardonun əsərləri bir çox nüfuzlu sərgi məkanlarında nümayiş etdirilib, bunlardan RISD muzeyi, Dubaydakı ABŞ Konsulluğu, Nyu-Yorkdakı Tenri institutu, Parisdəki Video-Appart mərkəzi, Berlindəki Emerson qalereyası və Küveytdəki Sultan qalereyasının adlarını çəkmək olar. Bu yaxınlarda Roberto Nyu-York Universitetinin (NYU) təqaüdçüsü oldu.

Manal Əl-Doveyn, Səudiyyə Ərəbistanı. Əl-Doveyn sistemli təhlil və dizayn üzrə magistridir. Tam vaxtını yaradıcılığa həsr etməkdən öncə o, on il ərzində Səudiyyə Ərəbistanında neft şirkətinin kreativ direktoru vəzifəsində çalışıb. Bir neçə dəfə art-rezident ezamiyyətində olub, o cümlədən Delfina Fondunun proqramı üzrə Londonda, The Town House qalereyasının proqramı üzrə Qahirədə, Cuadro qalereyasının proqramı üzrə Dubayda. Onun əsərləri böyük beynəlxalq sərgilərdə nümayiş etdirilib, o cümlədən 2009-cu və 2011-ci illərin Venesiya Biennalesində, 2010-cu ilin Berlin Biennalesində, 2010-cu ilin Contemporary Istanbul Festivalı çərçivəsindəki müstəqil sərgidə. Onun əsərləri Britaniya Muzeyin daimi kolleksiyasında, Los-Anceles Dairəsi İncəsənət Muzeyində, Mathaf Müasir Ərəb İncəsənəti Muzeyində, İordaniya Milli təsviri sənət muzeyində, Əbdül Lətif Cəmil Fondunda, Əbu-Dabinin Dövlət Mədəni İrs İdarəsində (ADACH), Nadour Fondunda və Barjeel Fondunda saxlanılır. Əl-Doveynin əsərləri Dubayda yerləşən Cuadro qalereyasında nümayiş etdirilir. Hal-hazırda o, həm doğma şəhəri Zahranda (Səudiyyə Ərəbistanı), həm də Dubayda (BƏƏ) yaşayıb çalışır.

Kamil Zəkəriyyə, 1962-ci il təvəllüdlü, Livan. Zəkəriyyə 1997-ci ildə Kanadanın Halifaks şəhərində NSCAD Universitetini (Nova Scotia College of Art and Design) bitirib “Təsviri sənət” üzrə bakalavr dərəcəsini almışdı. Bundan öncə isə – 1985-ci ildə – o, Beyrutdakı Amerika Universitetini bitirib mühəndislik üzrə bakalavr dərəcəsini almışdı. 2006-cı və 2007-ci illərdə Zəkəriyyə Beynəlxalq Fotoqrafiya Müsabiqəsinin birinci mükafatına layiq görülmüşdü, 2009-cu ildə isə Jameel Prize mükafatı namizədlərinin yekun siyahısına düşmüşdü. Zəkəriyyənin əsərləri Şimali Amerika, Avropa və Yaxın Şərq ölkələrinin, demək olar ki, hamısında nümayiş etdirilib, o cümlədən Londondakı Viktoriya və Albert Muzeyində, Kvebekdəki Kanada Mədəniyyətlər Muzeyində, Banqladeşin Milli təsviri sənət qalereyasında, Şarjadakı İslam Mədəniyyəti Muzeyində, Şarja Biennalesində, Floridanın Aplton muzeyində, Mühərrəqdəki Bin Matar House mərkəzində, Ər-Riyaddakı kral Əbdül-Əziz adına Milli muzeydə, Maskatdakı Bait Al Zubair muzeyində, Afinadakı Loutro ton Aeridon mərkəzində, Tehrandakı Mədəniyyət və İncəsənət İnstitutunda, Parisdəki Acte 2 qalereyasında, Hyustondakı FotoFest mərkəzində və Halifaksdakı Multikultural Mədəniyyət Mərkəzində. “Dənizkənarı gəzinti” adlı əsərlər silsiləsi 2012-ci ildə Venesiya Memarlıq Biennalesinin Bəhreyn pavilyonunda nümayiş etdirilmişdi. Həmin ekspozisiya ən yaxşı pavilyon nominasiyasında “Qızıl şir” mükafatına təqdim olunmuşdu. Ondan sonra Zəkəriyyə Bəhreyn krallığı tərəfindən 2013-cü ilin Venesiya Art Biennalesində də iştirak etməyə dəvət olundu.

Məhəmməd Əhməd İbrahim, 1962-ci il təvəllüdlü, Xorfakkan, BƏƏ. İbrahim psixologiya üzrə Əl-Ayn Universitetini bitirib. O, Le Consortium Art Mərkəzinin art-rezidenti qismində Dijonda (Fransa) ezam-sakin olmuşdu. Onun əsərləri dünya miqyasında nümayiş etdirilib, o cümlədən: 1993, 1995, 1997, 1999, 2001, 2003 və 2007-ci illərin Şarja Biennalelərində, 1996 və 2005-ci illərdə Şarja İncəsənət Muzeyində, 1993 və 2002-ci illərin Dəkkə Biennalelərində, 1990-cı ildə Moskvada keçirilən BƏƏ Təsviri Sənət Cəmiyyətinin sərgisində, 1995-ci ildə Niderlandın Sittard incəsənət mərkəzində, 1998-ci ilin Qahirə Biennalesində, 1998-ci ildə Ərəb Dünyası İnstitutunda, 2000-ci ilin Havana Biennalesində, 2002-ci ildə Almaniyanın Lüdviq Forumunda, 2005-ci ildə Bonn incəsənət muzeyində, 2009-cu ilin Venesiya Biennalesində. 1999 və 2001-ci illərin Şarja Biennalelərində İbrahim heykəltəraşlıq üzrə Birinci mükafatla təltif olunmuşdu. Onun əsərləri nüfuzlu kolleksiyalarda saxlanılır, o cümlədən Qətərdə yerləşən Ərəb Müasir İncəsənət Muzeyində, Şarja İncəsənət Muzeyində və Niderlandın Sittard incəsənət mərkəzində.


Təqdimat günü: 11 iyun, 2015 saat 19:00.

Giriş sərbəstdir.

Sərgi 31 avqust 2015-ci il tarixinədək davam edəcək.

İş vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)