YAY Gallery presents ‘Meeting Point’ group exhibition in Cuadro Gallery, Dubai

Meeting Point

Cuadro Qalereyası, Dubay

15 sentyabr – 30 oktyabr 2015

Təqdimat: 15 sentyabr 2015, saat 19.00


YAY qalereyası Dubayda yerləşən “Cuadro” qalereyasında yaxın günlərdə açılan “Görüş yeri” adlı yeni sərgisi barədə böyük məmnunluq hissi ilə xəbər verir. “Cuadro” və YAY qalereyaları arasındakı əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan bu sərgidə artıq beynəlxalq səviyyədə də ad qazanmış beş öncül azərbaycanlı rəssamın – Rəşad Ələkbərov, Orxan Hüseynov, Aida Mahmudova, Fərid Rəsulov və Nəzrin Məmmədovanın əsərləri təqdim olunur. Burada rəssamların, müxtəlif texnikalardan istifadə edərək əsərləri sərgilənəcək, o cümlədən rəngkarlıq tabloları, heykəltəraşlıq əsərləri və instalyasiyalar. Mövzu baxımından isə əsərlər sürətli yeniləşmə və qlobalizasiya dövrünün Azərbaycanında yaddaş, ev və ənənə anlayışlarının yerini əks etdirirlər.

Rəşaq Ələkbərov ən çox abstrakt heykəltəraşlıq instalyasiyaları ilə məşhurdur. Adi əşyalardan və müxtəlif hissələrdən tərtib olunmuş bu instalyasiyalara işıq salmaqla onların gözlənilməz, əcaib kölgəsini seyr etmək olur. Hazırkı sərgiyə sənətkarın təqdim etdiyi üç yeni “kölgə əsəri” Yaxın Şərq mədəniyyəti və ənənəsindən xəbər verirlər – kufi yazılışından tutmuş, ənənəvi İslam memarlıq naxışlarına kimi. 

Orxan Hüseynov yeni yaratdığı “Yusuf” silsiləsini sərgiyə təqdim edib. Divardan asılan dörd pleksiqlas tablolarından ibarət olan bu silsilədə Quranın “Yusuf” surəsindən götürülmüş kəlamların yazılışı ilə müasir köynək görüntüsü bir araya gətirilmişdi. Müqəddəs kəlamları müasir materialla müqayisə etməklə sənətkar qədim ənənə ilə müasirliyi birləşdirir və beləcə regionumuzun tarixini araşdırmağa davam edir.

Fərid Rəsulov təzəlikcə yaratdığı silsilədən üç yeni heykəltəraşlıq əsərini sərgiyə təqdim edib. Rəssam gündəlik istifadə etdiyimiz adi əşyaları əl işi olan, taxta üzərində ənənəvi oyma vasitəsi ilə sənət əsərinə çevirir. Rəsulovun yaradıcılığı onun iki il ərzində ənənəvi oyma ustalarından dərs aldığını büruzə verir. Onun əsərləri İslam mədəniyyətinə xas olan naxışları və qədim oyma sənətini müasir incəsənətə xas olan adi obyektlərin transformasiyası ilə birlikdə təqdim edir, onları uzlaşdırırlar.

Aida Mahmudova daha çox rəngkarlıq janrında çalışaraq, yaddaş və nostalji mövzularına müraciət edir. Onun yaratdığı tablolarda Azərbaycanın sürətlə dəyişən mənzərələrini, şəhər mühitini və memarlıq özəlliklərini əks etdirib qorumaq cəhdi sezilir.

Nəzrin Məmmədova yaratdığı “COAT” silsiləsini sərgiyə təqdim edib. “COAT” – Yaxın Şərq regionunda bu gün sürətlə tikilən şəhərlərin, əslində, öz simasını əks etdirən müasir memarlığa və inşaat materiallarına xas olan bayağı yanaşmalara sənətkarın valeh olduğunu nümayiş etdirir.


*Sərginin kataloqunda Bakıda yerləşən YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru, təşkilatın daimi kolleksiyası və sərgi layihələri üzrə rəhbəri Suad Qarayevanın Azərbaycanın müasir incəsənətinə dair təqdimat yazısı da dərc olunmuşdur.


‘Meeting Point’ (“Görüş yeri”) sərgisi Cuadr” və YAY qalereyaları arasındakı əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan ikinci müştərək sərgidir. Bu əməkdaşlığın ilk sərgisi isə Bakıda – YAY qalereyasında “Mövcudluğun dözülməz yüngüllüyü” adı altında keçirilərək, sənətsevərlərə Yaxın Şərq və Şimali Amerikanın dörd rəssamını təqdim etmişdi. 


Rəşad Ələkbərov, 1979-cu ildə Bakıda anadan olub, Bakıda yaşayıb çalışır.

Bakıda 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət fakültəsini bitirib. Müxtəlif incəsənət sahələrində çalışır, o cümlədən: rəngkarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video, memarlıq dizaynı. Son illər daha çox “kölgə əsəri” instalyasiyalarının müəllifi kimi məşhur olub. Mətn və xəttatlıq, yəni naxış və yazı kölgələri vasitəsilə rəssamın “kölgə əsəri” cizgi ilə məna arasındakı əlaqəni araşdırırlar.

Əsərləri bir çox sərgilərdə nümayiş etdirilib, o cümlədən 56-cı Beynəlxalq “La Biennale di Venezia” incəsənət sərgisinin müstəqil layihələr bölməsi çərçivəsində YARAT-ın “Odla suyun birliyi” adlı rəsmi ekspozisiyası, Venesiya, İtaliya, 2015 (noyabr ayına kimi sərgilənir); Londonun tarixi poçt binasında yerləşən Old Sorting Office İncəsənət Mərkəzində düzənlənmiş HERE…TODAY (Burada... Bugün), 2014; Londonun Courtauld İncəsənət İnstitutunda düzənlənmiş INTERACT: Deconstructing Spectatorship (“Qarşılıqlı təsir: dağıdıcı seyretmə”), 2014; Venesiyada düzənlənmiş 55-ci Beynəlxalq “la Biennale di Venezia” İncəsənət Sərgisinin Azərbaycan Pavilyonu, 2013; “Başqa şəhər”, YAY qalereyası, Bakı, Azərbaycan, 2013 və s. Əsərləri Azərbaycan, İtaliya, Türkiyə və Rusiya kimi ölkələrdə şəxsi kolleksiyaları da bəzəyirlər.


Orxan Hüseynov1979-cu ildə Bakıda anadan olub, Bakıda yaşayıb çalışır.

1995-ci ildə Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinin keramika dizaynı fakültəsini bitirib, 1999-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də keramika dizaynı fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət tarixi və nəzəriyyəsi fakültəsini bitirib magistr dərəcəsini almışdır. Müxtəlif incəsənət sahələrində çalışır, o cümlədən: rəngkarlıq, instalyasiya, video, qrafika və s. İlk çağlardan və ələlxüsus post-sovet oyanış dövründə öz diqqətini doğma ölkəsinin tarixi və milli ənənələrinin tərənnümü üzərində cəmləşdirib. Sənət, mədəniyyət, abidələr, ənənəvi oyunlar və gündəlik həyat təzahürləri rəssamın əsərlərində öz əksini tapmışdır.

Bəzi qrup sərgiləri bunlardır: 55-ci Beynəlxalq “La Biennale di Venezia” incəsənət sərgisinin müstəqil layihələr bölməsi çərçivəsində YARAT-ın “Love Me, Love Me Not (Sev məni – məni sevmə!): Azərbaycanın və qonşu ölkələrin müasir incəsənəti” adlı rəsmi ekspozisiyası, Venesiya, İtaliya, 2013 (həmçinin 2014-cü ildə Bakıda, Zaha Hadid tərəfindən inşa edilmiş Heydər Əliyev Mərkəzində nümayiş etdirilmişdi); 2012-ci ilin Bakı Pablik-Art Festivalı, Bakı, Azərbaycan, 2012. Bundan əlavə, fərdi sərgiləri də olmuşdu: Tropenmuseum muzeyində, Amsterdam, Niderland, bir də Vakif Bank Art Gallery qalereyasında, Ankara, Türkiyə. 


Aida Mahmudova1982-ci ildə anadan olub, Bakıda və Londonda yaşayıb çalışır.

Azərbaycanlı rəssamdır, Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən YARAT qeyri-kommersiya təşkilatının təsisçisi və bədii rəhbəridir. Londondakı Central St. Martin's Kollecini 2006-cı ildə bitirərək təsviri sənət üzrə elmi dərəcəyə yiyələnib, elə həmin vaxtdan beynəlxalq sərgilərdə iştirak edir.  Əsərlərində yaddaş və nostalji mövzularına müraciət edir. İnstalyasiya, heykəltəraşlıq və rəngkarlıq janrlarında çalışaraq, sürətlə dəyişən ölkəsinin unudulmuş və kənara çəkilmiş qıraq-bucaqlarını öz əsərlərində əks etdirir.

Hazırda onun əsərləri 56-cı Beynəlxalq “La Biennale di Venezia” incəsənət sərgisində Azərbaycanın Milli Pavilyonunda “Vita Vitale” adlı rəsmi ekspozisiyada nümayiş etdirilir (Venesiya, İtaliya). Bəzi beynəlxalq ekspozisiyaları: MAXXI (Roma, İtaliya, 2013); 55-ci Beynəlxalq “La Biennale di Venezia” incəsənət sərgisinin paralel layihələr çərçivəsində YARAT-ın “Love Me, Love Me Not (Sevir – Sevmir): Azərbaycanın və qonşu ölkələrin müasir incəsənəti” adlı rəsmi ekspozisiyası, Venesiya, İtaliya, 2013 (həmçinin 2014-cü ildə Bakıda, Zaha Hadid tərəfindən inşa edilmiş Heydər Əliyev Mərkəzində nümayiş etdirilmişdi). Fərdi sərgiləri Nyu-Yorkda yerləşən Leila Heller qalereyasında (2015) və Sürixdə yerləşən Barbarian Art Gallery qalereyasında (2013) keçirilmişdi.


Fərid Rəsulov, 1985-ci ildə Şuşada (Azərbaycan) anadan olub, Bakıda (Azərbaycan) yaşayıb çalışır.

Müxtəlif incəsənət sahələrində və janrlarda çalışır, o cümlədən: böyük həcmli rəngkarlıq əsərləri, instalyasiyalar, üçölçülü qrafika əsərləri, multiplikasiya və heykəltəraşlıq. Çox hallarda onun əsərləri düşüncə və zəka baxımından təhrikçi görünür. Müxtəlif sahələrdə çalışsa da, ən çox iri həcmli hiper-realist rəngkarlıq mənzərələri ilə məşhurdur. Bu cür əsərlərdə müxtəlif obyektlər canlı boyalarla işlənmiş zəmin üzərində təsvir olunurlar və sanki gizli məna kəsb edirlər. Rəssam gündəlik həyatımızın olduqca sadə olduğunu göstərməyə çalışır, ələlxüsus əhatə olduğumuz əşyalar gözü ilə baxdıqda. İki il ərzində ənənəvi oyma sənətkarlarından dərs aldıqdan sonra, onun ən son əsərləri mürəkkəb oymalı, bəzən sənaye məhsulu üzərində yaradılmış ağac heykəllərindən ibarət olmuşdu. İstər yekə ağac parçası olsun, istər kiçik bir sandıqça – Fərid Rəsulov həmişə öz əsərlərini hörgü kimi bir-birinə keçən, regionumuz üçün ənənəvi olan naxışlarla bəzəyir.

Bəzi qrup sərgiləri: 55-ci Beynəlxalq Venesiya Biennalesinin Azərbaycan Pavilyonunda “Naxışlar” adlı ekspozisiya; 55-ci Beynəlxalq “La Biennale di Venezia” incəsənət sərgisinin müstəqil layihələr bölməsi çərçivəsində YARAT-ın “Love Me, Love Me Not (Sevir–Sevmir): Azərbaycanın və qonşu ölkələrin müasir incəsənəti” adlı rəsmi ekspozisiyası, Venesiya, İtaliya, 2013; Londonun tarixi poçt binasında yerləşən Old Sorting Office İncəsənət Mərkəzində düzənlənmiş HERE…TODAY (Burada... Bugün), 2014. Həmçinin fərdi sərgiləri də keçirilib: Rabouan Mouisson Gallery qalereyasında (Paris, 2014) və “Aydan” qalereyasında (Moskva, 2012).


Nəzrin Məmmədova, 1989-cu ildə Kutaisidə (Gürcüstan) anadan olub. 

Azərbaycandakı Avrasiya Diplomatik Akademiyasının məzunudur. Moskvada (Rusiya) yerləşən Britaniya İncəsənət və Dizayn Məktəbini fərqlənmə diplomu ilə bitirib incəsənət üzrə bakalavr dərəcəsini qazanmışdır. 2012-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Son vaxtların sərgilərindən bunların adını çəkmək olar: “Xəyallar zamanıdır”, IV Moskva Beynəlxalq Gənc İncəsənət Biennalesi, MMOMA, Moskva, Rusiya; GRID fotofestivalı, Vondel CS, Amsterdam, Niderland; XVI Şarja İslam İncəsənəti Festivalı, Şarja İncəsənət Müzeyi, Şarja, Birləşmiş Ərəb Əmirlikləri (hamısı 2014). “Səmadan bir damla” 3-cü Bakı Pablik Art Festivalı, “The Review”, YAY Gallery, Bakı (2015). 2014-cü ildə Məmmədova Delfina Fondunun art-rezident proqramı üzrə Londonda ezamiyyətdə olmuşdu, bu ilin yayında isə Vladiqafqazda keçirilən ALANICA 2015 incəsənət simpoziumunda iştirak edib.


Cuadro Qalereyası

Ünvan: P.O. Box 506586, Dubai, UAE

İş vaxtı: Bazar-Cümə axşamı saat 10:00-dan 20:00-yə qədər; Şənbə saat 12:00-dan 18:00-a kimi.

Veb-sayt: www.cuadroart.com

Facebook: www.facebook.com/cuadro.art

Telefon: +971 4 425 0400

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)